“ASAN müraciət” informasiya sistemi (AMİS) Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli sərəncamına əsasən yaradılıb və sistem ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir . Həmin Sərəncamın 3.1-ci bəndinə müvafiq olaraq AMİS–in formalaşdırılması, infrastrukturunun qurulması və sistemin idarəetmə işinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (sahib) tərəfindən həyata keçirilir.

AMİS-dən istifadə sistemin mobil tətbiqi üzərindən həyata keçirilir. İstifadəçi AMİS-dən qeyd edilən mobil tətbiqi mobil cihazına yükləyərək qeydiyyatdan keçdikdən (Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən) sonra istifadə edir

İstifadəçi AMİS tərəfindən avtomatik qaydada formalaşdırılan elektron kabinetində şikayətini elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə göndərə, həmin şikayətə baxılması ilə bağlı icraatın gedişatını və baxılmanın nəticəsini mobil tətbiq vasitəsilə izləyə bilər.

Daxil olan müraciət 1 iş günü ərzində sahibin əməkdaşları tərəfindən aid olduğu qurum müəyyən edildikdən sonra AMİS üzərindən həmin qurumun sistemdə yaradılan elektron kabinetində yerləşdirilir. Müraciətdə qeyd edilən məsələlərin həlli bir neçə qurumun səlahiyyətinə aid olduqda müraciət həmin qurumların hamısının AMİS-də yaradılan elektron kabinetində yerləşdirilir. Bu zaman AMİS tərəfindən müraciətin avtomatik qaydada qeydiyyat nömrəsi (təkrarolunmaz) və tarixi müəyyən edilərək bu barədə istifadəçinin şəxsi kabinetinə məlumat, habelə mobil cihazına bildiriş göndərilir. İstifadəçi həmin qeydiyyat nömrəsi əsasında müraciətinə baxılması ilə bağlı icraatın gedişatını izləyə bilər.

Qurumlar AMİS vasitəsilə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada baxırlar.

AMİS-dən istifadə ödənişsizdir.

AMİS Azərbaycan Respublikasının mülkiyyətidir.